Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

 İmam Məhdinin (ə.f.) dünyaya gəlişi

 

 Mərhum Əllamə Məclisi «Cəlaul-uyun» kitabında yazır: 

 

İmam Məhdinin (ə.f.) mübarək təvəllüdü haqqında tarixdə olan ən məşhur nəzər budur ki, O Həzrət (ə.f.) Hicri 255-ci ilin Şəban ayının 15-də, cümə gecəsi Surrə-mən-rəa (Samirra) şəhərində anadan olmuşdur. Adı və künyəsi Peyğəmbərlə (s.ə.a.s.) eynidir. Lakin qeybdə olduğu müddətdə Həzrətin (ə.s.) əsl adını çəkmək haramdır. Mübarək ləqəbləri; Məhdi, Xatəm, Müntəzər, Höccət və Sahibdir.

 

Şeyx Səduq (r.ə.) özünün məşhur «Kəmaluddin» kitabında yazır:

 

İmam Cavadın (ə.s.) qızı Həkimə buyurur: “Əbu Məhəmməd Həsən ibn Əli (ə.s.) məni (yanına) çağırıb dedi - “Ey bibi, bu gecə iftarını bizim yanımızda et. Çünki bu gecə Şəban ayının ortasıdır. Belə ki, Allah təbarək və taala bu gecə Höccəti aşkar edəcəkdir. O, Allahın yer üzərindəki höccətidir”.

Mən ona dedim: “Onun anası kimdir?”

Mənə dedi: “Nərcisdir”.

Ona dedim ki, Allah məni sənə fəda etsin, onda (hamiləliyə dair) bir əsər-əlamət yoxdur.

Buyurdu: “O, elə sənə dediyimdir”.

Mən gəldim, salam verib əyləşdikdə gəlib çəkməmi çıxartdı. Mənə dedi:

“Ey mənim və ailəmin xatunu necə axşamlamısan?”  

Dedim ki, əksinə, sən mənim və ailəmin xatunusan. Ancaq mənim sözümü qəbul etmədi və dedi:   “Bibi, bu nədir?”

Ona dedim ki, qızım həqiqətən, Allah-taala bu gecə sənə dünya və axirətdə ağa olan bir oğlan uşağı bəxş edəcəkdir.

O, utandı və həya etdi. Axırıncı işa namazını qılıb qurtardıqda iftarımı açdım, yatacaq yerimi götürüb uzandım. Gecə yarısı olduqda namaza durdum. Namazımı bitirdim. O isə yatmışdı və onda bir hadisə (doğuş əlaməti) yox idi. Sonra təqibat etməyə əyləşdim. Sonra isə böyrü üstə uzandım, sonra isə qorxaraq ayıldım, o isə uzanmışdı. Sonra ayağa durdu, namaz qıldı və yatdı”.                

  

 

Həkimə deyir: “Fəcri yoxlamaq üçün çölə çıxdım. Qurdun quyruğutək olan birinci fəcr ilə qarşılaşdım. Nərcis isə yatmışdı. Birdən içimə şübhə düşdü. Əbu Muhəmməd (ə.s.) oturduğu yerdən məni səsləyərək dedi: “Bibi, tələsmə! Budur, iş artıq yaxınlaşmışdır”. Mən oturdum, “Əlif Lam mim Səcdə” və “Yasin”-i oxudum. Elə bu vəziyyətdə idim ki, birdən qorxu içində ayıldım, ona tərəf atılıb dedim: Allahın adı üzərinə olsun. Sonra ona dedim ki, bir şey hiss edirsənmi? Dedi ki, bəli, bibi. Ona dedim ki, özünü topla, qəlbini topla. O, sənə dediyimdir”.

 

Həkimə deyir: “Məni də, onu da zəiflik tutdu. Ağamın səsinə ayıldım. Köynəyi üzərindən götürüb, onun (ə.s.) səcdədə olduğunu gördüm. Səcdə üzvləri yerin üzərində idi. Onu ağuşuma aldım. Gördüm ki, pak və tərtəmizdir. Əbu Muhəmməd (ə.s.) məni səslədi: “Bibi, oğlumu mənə gətir”. Mən də onu yanına gətirdim. O, iki əlini açdı və uşağı onların arasında yerləşdirdi. Onun iki ayağını öz sinəsi üzərinə qoydu. Sonra dilini ağzının içinə saldı, əlini gözlərinə, qulağına, oynaqlarına çəkdi. Sonra dedi: Oğlum, danış!”

 

O da dedi: “Şəhadət verirəm ki, Allahdan başqa bir məbud yoxdur, təkdir və Onun şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd (s.ə.a.s.) Allahın Rəsuludur”. Sonra Əmirəlmömininə və imamlara – atasının üzərində duranadək (onun adına çatanadək) salavat göndərdi. Sonra susdu.

Əbu Muhəmməd (ə.s.) dedi: “Bibi, onu anasının yanına apar ki, ona salam versin və mənə gətir. Mən də onu apardım, anasına salam verdi, (sonra isə) onu qaytarıb həmin yerə (Əbu Muhəmmədin (ə.s.) oturduğu yerə) qoydum. Sonra dedi: “Ey bibi, yeddinci gün olduqda bizə gəl”.

 

Həkimə dedi: “Sübhü açdıqda Əbu Muhəmmədə (ə.s.) salam verməyə gəldim. Pərdəni qaldırdım ki, sərvərimi (ə.s.) yoxlayım, ancaq onu görmədim. Dedim ki, sənə qurban sərvərim nə edir?

 

Buyurdu: “Bibi, biz onu Musanın (ə.s.) anası (balasını) əmanət tapşırdığı kəsə əmanət vermişik”.

 

Həkimə deyir: “Yeddinci gün olduqda gəlib salam verdim və əyləşdim. Mənə dedi ki, oğlumu mənə gətir. Məndə sərvərimin (ə.s.) yanına getdim. O, bələyin içində idi. Əbu Muhəmməd (ə.s.) onunla birinci dəfə etdiyi kimi davrandı. Sonra dilini ağzına saldı, sanki ona süd və bal yedizdirirdi. Sonra dedi: “Oğlum, danış”.

 

O da dedi: “Şəhadət verirəm ki, Allahdan başqa bir məbud yoxdur” – və Muhəmmədə, Əmirəlmömininə və pak imamlara – Allahın salavatı olsun onların hamısına – salavat göndərdi, nəhayət atasının (ə.s.) (adı) üzərində durdu. Sonra bu ayəni oxudu:

 

“Rəhman, Rəhim Allahın adı ilə. Biz istəyirik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. Və onları yer üzündə yerləşdirib möhkəmləndirək, Firona, (vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri şeyi göstərək”.

(Qəsəs surəsi, 5 və 6-cı ayələr)