Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

İmam Zamanın (ə.s.) zühuru nə vaxtdır?

 

İmam Zamanın (ə.s.) qeyb dövrü başladıqdan dərhal sonra İmam nə vaxt zühur edəcək sualı meydana gəlmişdir? O vəd olunan gün nə zamandır kimi suallar tez-tez verilməyə başladı. Müsəlmanlar artıq o zamandan etibarən intizara çəkildilər və Həzrəti Məhdinin (ə.s.) nə zaman zühur edəcəyi barədə müxtəlif  fikirlər və rəylər bildirdilər. Zaman keçdikdən sonra bir sıra əqidə və təfəkkürlərdə ya İmam Zamanın (ə.s.) zühurunun həddindən artıq uzun olacağı, ya vaxtlar təyin edərək filan vaxtda zühuru qəti olacaq deyərək fikirlər səsləndi.

 

Bu suallara cavab vermək üçün Qurani-Kərim və hədislərə müraciət etməkdən başqa çarəmiz yoxdur. İlk öncə qeyd edək ki ümumiyyətlə bu kimi hadisələr tarixdə baş vermişdir və çox sayda nümunələri mövcuddur. Həzrəti İsa peyğəmbərin (ə.s.) nə zaman dünyaya gəlməli olduğu da əvvəldən öz ümməti üçün  gizlin qalmışdır. Belə ki, Həzərti İsa peyğəmbəri (ə.s.) daha əvvəl gözləyirdilər ancaq onun yerinə anası dünyaya gəldi. Həmçinin, Allah Həzrəti Musa peyğəmbərə (ə.s.) otuz gecə demişdi ancaq sonra onu qırx gecə ilə tamamladı, yəni on gün artırdı. Lakin bunu nə Həzrəti Musa (ə.s.) nə də Bəni-İsrail bilirdi. Artırılmış vaxtdan yalnız Allah xəbərdar idi.

 

Bunun kimi bir sıra mühüm tarixi hadisələrə baxsaq Allahın hər hansı bir hikmətinə görə müəyyən hadisələrin olacağını öncədən bildirmiş, ancaq onun vaxtını gizlin saxlamışdır. Bu böyük hadisələrdən biri də Qiyamət gününün nə zaman baş verməsidir. Qiyamət günü haqqında müəyyən əlamətlər təyin olunsa da vaxtı dəqiq deyilməmişdir.

 

Camaat (Məkkə əhli) səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır.  (Əhzab surəsi, ayə 63)

 

(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Əraf surəsi, ayə 187)

 

İmam Zamanın (ə.s.) zühur vaxtına gəldikdə isə onu deyə bilərik ki, Allah bu günün dəqiq nə zaman olacağına bizə bildirməmişdir. Bu, insanların həmişə zühura hazır olması üçün ola bilər və ya düşmənlərin hər hansısa bir planına görə ola bilər, müsəlmanları imtahan etmək üçün ola bilər, doğrusunu biz bilmirik. Doğrusu, Allahın hikmət və məsləhətidir.

 

İmam Rza (ə.s.) buyurub: Həzrəti Rəsuli Əkrəmdən (s.ə.a.v) soruşdular Qaimin zühuru nə zamandır? O Həzrət buyurdu: “Onun məsəli Qiyamətin məsəli kimidir” (“Uyunu Əxbarur Rza əleyissalam” c.2, səh.266.)

 

Göründüyü kimi İmam Zamanın (ə.s.) zühuru yalnız Allahın əlindədir və onun üçün vaxt təyin etmək olmaz.

 

 İmam Sadiq (ə.s.) buyurub: “Vaxt təyin edənlər yalan danışıb...”

(Şeyx Tusi, “Əl-Ğeybə” səh.382, Azərbaycan dilində)