Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

Sonuncu Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi? (Xatəmul Ənbiya)

 

Tarix boyu həmişə yalançı peyğəmbərlik iddiası olmuşdur. Ancaq xüsusən, Son Peyğəmbərdən sonra peyğəmbərlik iddiasında olanlar həm təəccüb, həm də fərqli mövqeyə malik olurlar. Belə ki, Sonuncu Peyğəmbər gəldikdən sonra, üzərindən yüz illər və ya min ildən artıq vaxt keçməsinə baxmayaraq bir sıra şəxslərin “peyğəmbər lazım olduğu” yadına düşərək, iddialar edir və özlərinə görə müəyyən dəlillər gətirirlər. Xüsusi ilə son bir neçə yüz ildə olan iddiaçılar, Son Peyğəmbər anlayışını qəbul etməyərək, hər zamanda, dövrün tələbinə uyğun yeni peyğəmbərlərin gəlməsinin zəruri olduğunu qeyd edirlər.

 

Ümumiyyətlə peyğəmbərləri bir neçə  növə bölmək olar.

Şəriət gətirən (ilahi qanunlar) peyğəmbərlər-Həzrəti İsa peyğəmbər və Həzrəti Musa peyğəmbər kimi. 

 

Şəriəti qoruyan və dirçəldən peyğəmbərlər-Bu növ peyğəmbərlərə Sonuncu Peyğəmbərdən başqa demək olar ki, bütün peyğəmbərləri aid etmək olar.
 

Sonuncu Peyğəmbər-Bu Peyğəmbər sonuncu olmalıdır, kamil din gətirməlidir və peyğəmbərlərin ən üstünü olmalıdır. Bu növ Peyğəmbər bir şəxsdən ibarətdir. O, Sonuncu Peyğəmbər Həzrəti Muhəmməddir (salam olsun Ona və Ailəsinə).

 

"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin O, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!" (Əhzab surəsi, ayə 40)        

                       

Burada iddiaçılar tərəfindən ən çox qabardılan mövzu nəbi kəlməsidir. Yəni Həzrəti Muhəmməd (s.a.a.s) sonuncu Nəbidir, ancaq sonuncu Rəsul deyildir. Ona görə də deyirlər; Həzrəti Muhəmməd (s.a.a.s) dan sonra nəbi gələ bilməz, amma rəsul gələ bilər.

 

Allah tərəfindən göndərilənlərin hamısı nəbidir (xəbər alan), rəsullar da (şəriət gətirən)  nəbilərdən olur. Yəni nəbi olmadan rəsul olmaq mümkün deyil. Belə ki, bütün rəsullar eyni zamanda da nəbidir. Deməli nəbilərin sonu olmaqla rəsulların da sonu olmuş olur. Həmçinin son Peyğəmbər anlayışı, son kitab və kamil din deməkdir. Yəni Həzrəti Muhəmməd peyğəmbər (s.a.a.s.) son peyğəmbər olması ilə yanaşı, Qurani-Kərim Allah tərəfindən göndərilmiş son müqəddəs kitab, İslam dini də kamil olmaqla tək dindir. 

 

"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim." (Maidə surəsi, ayə 3) 

 

Deməli, Həzrəti Muhəmməd peyğəmbər (s.a.a.s.) sonuncu nəbi və sonuncu rəsuldur, Qurani-Kərim sonuncu ilahi kitabdır və İslam dini kamil və tək dindir.

 

İslam dinində məzhəblər arasında bu mövzu ilə əlaqəli heç bir ixtilaf yoxdur. Həmçinin Xristianlıq və Yəhudilikdə də yeni peyğəmbər, yeni din və yeni kitab gözlənilmir.

 

Nəticədə bütün ilahi kitablara nəzər saldıqda, bütün peyğəmbərlərin xəbərlərinə baxdıqda Sonuncu Peyğəmbərdən sonra bir dinin, kitabın və peyğəmbərin gəlişi əbəsdir və saxtakarlıqdır.