Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

Ən üstün Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi?

(Xatəmul Ənbiya)

 

Əsrlər boyu İslam Peyğəmbərinin (s.ə.a.s.) sonuncu Peyğəmbər olmasına dair çox sayda şübhələr ortaya atılmışdır və bu mövzu ilə əlaqədar möhtərəm və görkəmli İslam alimləri tərəfindən həmin şübhələrdən də daha çox sayda cavablar təqdim olunmuşdur.

 

Allah Təala tərəfindən nazil olmasında heç bir şəkk-şübhə olmayan və insanlar üçün hidayət mənbəyi olan Qurani-Kərimdə, Əhzab surəsinin 40-cı ayəsində buyurulur:

 

"Muhəmməd (s.ə.a.s.) sizlərdən heç birinin atası deyildir. Lakin (O), Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur. Və Allah həmişə hər bir şeyi biləndir. "

 

 

Bu ayədə “xatəmən-nəbiyyin” kəliməsindən istifadə olunub ki, bilavasitə nəbilərin gəlişinin sonunu bildirir, nəbilərin gəlişinin sonu ilə də rəsulların gəlişinin sonunu bəyan etmiş olur.

 

Əzəmətinin vəsfində insanları aciz qoyan Allah, Həzrət Rəsulallahın (s.ə.a.s.) son ilahi peyğəmbər olmasını bu həddə açıq və aşkar xəbər verməsinə baxmayaraq tarixin səhifələrinə nəzər yetirən zaman bir qism mənfur fikirli və xəbis niyyətli şəxslərin özünü peyğəmbər elan etməsinin və bununla da insanların həm qəlblərini, həm ağıllarını, həm də axirətlərini bərbad etməsinin şahidi oluruq.

 

Bu şəxslər iddia etmişlər ki, peyğəmbərlik dayanmamalıdır, çünki zəmanənin tələbi dəyişir və hər yeni zamanda yeni peyğəmbərin gəlişi zəruridir. Bu iddiaları və zahirən xoş görünən sözləri ilə öz azğın fikirlərinə qapı açmış və bir qism insanları haqqın yolundan azdırmağa nail olmuşlar.

 

Allahın izni ilə bu iddiala cavab verəcəyik.

 

Heç şübhə yoxdur ki, bütün varlıq aləmi bir birindən müəyyən göstəricilərə və istedadlara görə fərqlənir. Varlıq aləminin ən ali yaranışı isə sözsüz ki insandır. Buna ən sadə sübut insanın öz ətrafına nəzər etməsi ilə ələ gələn nəticələrdir. Belə ki, ağaclara, dağlara, yağan yağışlara və aləmdə olan digər bütün varlıqlara nəzər yetirsək görərik ki, bir ağacın gövdəsi və budaqları digərindən daha qalın, bir dağ digərindən daha hündür, bir yağış digərindən daha şiddətli və bərəkətlidir. Biz, bu zahirdə olan dəlillərlə kifayətlənib Allahın kitabından misal gətirə bilərik:

 

"Həqiqətən Biz Adəm övladlarına kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (miniklərə) mindirdik, onlara müxtəlif paklardan ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan tam üstün etdik."

(İsra surəsi, ayə 70.)

 

Həmçinin, insanların arasında da bu növ bölgünün olduğuna şahidik. Bir şəxs digərindən həm zahiri, həm daxili göstəricilərinə görə fərqlidir. Biri digərindən daha uca boylu və cüssəli, biri isə daha gödək boylu və arıqdır.

 

İnsanların bir qisminin digərindən üstün olması haqda Qurani-Kərim buyurur:

 

"Həqiqətən Biz İsrail övladlarına kitab, hökm və peyğəmbərlik verdik, onlara pak şeylərdən ruzi verdik və onları (zəmanələrində olan) aləmdəkilərdən üstün etdik ."

(Casiyə surəsi, ayə 16.)

 

Əgər, diqqət etsək bu fərqliliklər və üstünlüklər hətta peyğəmbərlərin (ə.s.) də arasında mövcuddur. Qurani-Kərim bu barədə belə buyurur:

 

"Sənin Rəbbin göylərdə və yerdə olan hər kəsin halını kamil şəkildə bilir. Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini bəzisindən üstün etdik və Davuda Zəbur verdik. "

(İsra surəsi, ayə 55.)

 

Ayədən də məlum olduğu kimi bəzi peyğəmbərlər digərlərindən müəyyən istedad və göstəricilərə görə daha üstündürlər. 124 000 peyğəmbərin (ə.s.) 313 nəfəri mürsəldirlər və digər peyğəmbərlərdən (ə.s.) daha üstündürlər. 313 nəfər mürsəl peyğəmbərin (ə.s.) isə 5 nəfəri ulul-əzmdir ki, digər mürsəl peyğəmbərlərdən (ə.s.)  daha üstündürlər və bu 5 nəfərdən ən üstünü Xatəmiyyat məqamı ilə şərəfləndirilmiş, Allahın Həbibi,Əziz İslam Peyğəmbəri Muhəmməddir (s.ə.a.s.).

Zahiri göstəricilərin fərqliliyindən daha mühüm üstünlük sözsüz ki, ağıl cəhətdən olan üstünlükdür. İnsanların bəziləri daha dərin dərrakə və uzaq-görənliyə sahibdir. Digərləri nisbətən dayaz düşüncəyə malikdirlər. Cəmiyyət, hər dövrdə daha bilikli və daha ağıllı insanları haqlı olaraq daima üstün tutmuşdur və hər bir çətin zamanda onlara üz tutmuşdur. Bu məqama Allah Təala belə işarə edərək buyurur:

 

"De :  "Məgər bilənlərlə bilməyənlər birdirlər?" Yalnız əsl ağıl sahibləri ibrət götürərlər. "

(Zumər surəsi, ayə 9.)

 

Bizə məlum oldu ki, varlıq aləminin hər bir üzvü, hətta peyğəmbərlər (ə.s.) belə bir birindən üstünlük baxımından fərqlənirlər və fərqlərin arasında ən üstün fərq ağıl və elm fərqidir. Peyğəmbərlərin (ə.s.) elmi, onlara nazil olan müqəddəs kitabın əhatəsi və verilən məqama görə dəyişir.

Allah Təala, Kəlimullah olan və Allahla səs vasitəsi ilə danışmaq şərəfinə nail olan Həzrəti Musanın (ə.s.) kitabı və biliyi haqda buyurur:

 

"Və onun üçün löhvlərdə hər bir mövzu barəsində nəsihət və hər bir şey üçün ətraflı şərh yazdıq ... "

(Əraf surəsi, ayə 145.)

 

Bu ayədə Allah Təala “min” ədatından istifadə edib ki, bu ədatın mənalarından biri də “təb`iziyyədir”. Təb`iziyyə ədatı hər hansısa bir şeyin müəyyən bir qismini bildirir. Azərbaycan dilində təb`iziyyə ədatı “dan/dən” şəkilçisinin verdiyi mənanı bildirir. Məsələn : kitabdan bir vərəq.

 

Ayədən məlum olur ki, Tövratın əhatəsi və həmçinin Tövrat sahibi olan Həzrəti Musanın (ə.s.) elminin əhatəsi ayədə qeyd olunan “...nəsihətdən bir qism...” qədərdir.

 

Bundan əlavə, Allah Təalanın bizə Öz nişanəsi kimi tanıtdırdığı Həzrəti İsanın (ə.s.) elminin əhatəsi barədə Həzrəti İsanın (ə.s.) dilindən belə buyurur:

 

"İsa aydın dəlillər gətirən zaman dedi : ”Mən sizin üçün hikmət gətirdim ki, sizə barəsində ixtilafda olduğunuz şeyin bəzisini açıqlayım ... "

(Zuxruf surəsi, ayə 63.)

 

Ayədən məlum olduğu kimi Hz. İsa (ə.s.) da Hz. Musa (ə.s.) kimi yalnız bəzi məsələlərin açıqlamasını bilirdi və yalnız müəyyən məsələləri öz elmi ilə əhatə etmişdir.

 

Bəs, görəsən Allahın Həbibi və Əzizi olan İslam Peyğəmbəri Həzrəti Muhəmmədə (s.ə.a.s.) nazil olan müqəddəs Qurani-Kərimin və Həzrəti Rəsulallahın (s.ə.a.s.) elminin əhatəsi nə qədərdir? Allah Təala bunu belə bəyan edir:

 

"Və o gün ki, hər bir ümmətdə onlara özlərindən şahid gətirəcəyik və səni (də) bu ümmətə şahid gətirəcəyik. Və hər bir şeyin dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan – başa hidayət, rəhmət və müjdə olan bu kitabı sənə nazil etdik."

(Nəhl surəsi, ayə 89.)

 

Bu ayədən çıxan nəticə ayənin zahirindən məlum olduğu kimi Həzrəti Rəsulallahın (s.ə.a.s.) elmi və Qurani-Kərimin əhatəsi hər bir məsələyə aiddir ki, hər şeyi təfsilatı ilə bəyan etmək üçün kifayətdir.

 

Bütün sadalanan məqamları toplasaq belə bir nəticə əldə etmiş oluruq ki, İslam Peyğəmbəri Həzrəti Muhəmməd (s.ə.a.s.) bütün ilahi peyğəmbərlərdən (ə.s.) və ümumiyyətlə gəlmiş və gələcək olan bütün bəşər övladlarından ən üstünü və ən elmlisidir.

 

İndi, əgər Həzrəti Rəsulallah (s.ə.a.s.) bütün yaradılmışlardan üstündürsə və O mübarək şəxsə nazil olan Qurani-Kərim də bütün səmavi kitablardan daha üstündürsə, yeni bir peyğəmbər necə gələ bilər və nə gətirə bilər?!

 

Demək ki, Həzrəti Rəsulallahdan (s.ə.a.s.) sonra peyğəmbərlik iddiası edən hər bir şəxs yalançı, Qurani-Kərimdən sonra səmavi kitab olduğu iddia olunan hər bir kitab isə batildir. Bu iddiada olan hər bir şəxs İblis (l.) tərəfindən göndərilən peyğəmbərdir, kitabı isə İblisin (l.) vəhyidir.

 

Allah Təaladan acizanə istəyirik ki, bizləri haqqın yolundan azmağa qoymasın və İblisin (l.) şərindən bizi amanda saxlasın!