Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

QEYB DÖVRÜNÜN ÇƏTİNLİKLƏRİ

 

Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq.

(Bələd surəsi, ayə 4)

 


Qurani Kərimin bu şərif ayəsindən göründüyü kimi insanlar yaradılışdan bəri zəhmət və çətinliklər içərsindədirlər. Bu çətinliklər müxtəlif dövrlərdə fərqli olsa da, daim mövcud olmuşdur. Günümüzdə də sözü gedən mövzu ən yüksək həddə çataraq təzahür olmaqdadır. Bunun başlıca səbəbi Allah Təalanın ən Parlaq Nuru və bəşəriyyətin xilaskarı olan Höccət ibnil Həsəni (ə.f.) bizim gözümüzdən qeybə çəkməsidir. Necə ki, “Nüdbə” duasında İmam Zamana (ə.f.) xitabən buyurulur:

 


“...Mənə çox agırdır ki, xalqın hamısını görəm, amma Sən görünməyəsən və Sənə, mənim həzin səsim, gizli pıçıltım çatmasın. Mənə çox çətindir ki, mən salamat olduğum halda, Səni bəlalar əhatə etsin və mənim ahu-naləm, şikayətim Sənə çatmasın...”

 


Yaşadığımız dövrü ən çətin dövr kimi qələmə almağımız heç də yanlış olmazdı. Çünki, İslam Peyğəmbəri (s.ə.a.s.) Öz risalətini elan etməsindən İmam Zamanın (ə.f.) qeybinə qədər Allahın höccətləri xalqın arasında aşkarda olmuşdur. Cəmiyyət onlarla görüşmək, dərs almaq, çətinliklərinin həllini soruşmaq və sair kimi işlərdə ixtiyar sahibi idi.


Lakin, həmin zamanı yaşadıgımız dövrlə müqayisə etsək görərik ki, zəmanəmizin İmam və rəhbərinin olmasına baxmayaraq İlahi təqdirə görə Uca Allah (c.c.) O Əbədi yanan Günəşi “buludlar arxasına” alaraq, bizləri Onun (ə.f.) zərif şüalarından bəhrələndirməkdədir.

 


İmam Zamandan (ə.f.) bizə çatan hədislərdə Özünün (ə.f.) də təkid etdiyi kimi bizim O Həzrətə (ə.s.) ən böyük xidmətlərimizdən biri O uca məqamlı Həzrətin zühuru üçün çoxlu dua etməkdir.


Ən üstün duamız bu olsun ki, Allah Təala O Həzrətin (ə.f.) şərəfli zühurunu tezləşdirsin, Onun (ə.f.) mərhəmətli və şəfqətli əllər ilə bütün dünyada haqq-ədaləti bərqərar etsin.