Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

Zühurun tezləşməsi üçün zülmü çoxaltmaq lazımdırmı?

 

 

Bəziləri iddia edirlər ki, Həzrəti Məhdini (ə.f.) və Məsihi gözləyənlər Onun zühurunun tezləşməsi üçün zülmləri çoxaldırlar və ya bunun tərəfdarıdırlar. Hətta Qiyamət gününün olmasının səbəblərini sürətləndirmək üçün bu zülmlərin çoxalmasına çalışırlar. Düzdür, bu iddianı edənlər əsasən xristian və yəhudilərin Məsih anlayışını nəzərdə tutub deyirlər. Ancaq bəziləri də vardır ki, eyni halda müsəlmanların da Həzrəti Məhdinin (ə.f.) zühurunun tezləşməsi üçün zülmün çoxalmasına çalışdıqlarını və ya buna təşviq olunmasına inandıqlarını iddia edirlər.

 

Ancaq həqiqət necədir?

 

Biz hədislər vasitəsi ilə qısa və sadə şəkildə cavablandıracayıq.

 

İmam Zaman (ə.f.) buyurub: “Zühurun tеzləşməsi üçün çox duа еdin ki, bu еlә sizin fərəciniz (çətinliklərdən xilas olmağınız) və nicatınız üçündür.”  (Kәmаlud-din, c. 2, sәh. 485.)

 

 

Bu hədisdən açıq və aydın görünür ki, zühurun tezləşməsi üçün ən vacib yol məhz Həzrəti Məhdini (ə.f.) dua etməkdir. Bizim xilasımız və nicatımız, çətinliklərimizin həlli Onu (ə.f.) dua etməkdən keçir. Hətta bunun üçün istənilən qədər İmam Zamana (ə.f.) aid dualar deyilmiş və tövsiyyələr olunmuşdur. Yəni bizim zamanımzda əsas vəzifəmiz dua etmək və O Həzrəti doğru-düzgün tanımaq və tanıtdırmaqdır. Heç bir halda biz müsəlmanlara qətl törətmək və ya bunda iştirak etmək tövsiyyə olunmamışdır. Əksinə bundan çəkinmək əmr olunmuşdur.

 

 

İmam Baqir (ə) buyurub: (Zühur) Ələmətləri  görənədək öz yerində qərar tut, nə əlini, nə də ayağını tərpətmə. (Qeybət dövrü, Şeyx Tusi səh.391, Azərbaycan dilində)

 

 

Buradan da aydın görünür ki, zühura qədər gözlənilən hər cür şiddətli münaqişələr zamanı, bizim iştirak etməməyimiz və yerimizdə durmağımız əmr edilmişdir. Zühurun əlamətləri dedikdə isə əsasən İmamın (ə.f.) zühurundan qabaqkı bir neç ay ərzində olan qəti əlamətlərdən söhbət gedir.

 

Əbu Bəsir deyir: İmam Sadiq (ə) buyurub: Qaim (salam olsun ona) gəlməmişdən əvvəl  bir il olar ki, insanların o ildə aclıqla üzləşməsi, qətl və qırğından şiddətli qorxu, mal, can və məhsul itkisi (mal və ömrlərin azalması) qaçılmazdır. Bu Allahın Kitabında çox aşkardır. Sonra bu ayəni oxudu: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.”

 (Biharul ənvar c.52, səh.228-229, Qeybəti Nomani səh.250, İsbatul Huda c.7, səh 420-421, Burhan c.1, səh.167)

 

Bəzilərinin iddia etdikləri kimi zülm qaçılmazdır deməkdən məqsəd o demək deyil ki, biz hər hansı bir münaqişəyə və qətllər törətməyə təşviq olunmalıyıq. Bu gözlənilən təhlükədən xəbərdalıqdır. Həm Peyğəmbərlər (s) zamanında, həm də İmamların (ə) zamanında çoxlu zülmlər olduğundan bu dövrdə də zülmlərin qaçılmaz olduğu bildirilir. Bunu bilmək üçün nə qeybi bilmək lazımdır nə də İmam və Peyğəmbər olmaq lazımdır. Tarixi və indiki zamanı sadə şəkildə təhlil etsək belə, bu nəticəyə gələ bilərik.

 

Üstəlik dünya daima zülm içərisindədir, qırğınlar, qətllər və qıtlıqlar həmişə olmuşdur. Bu, o deməkdir ki, zalım öz işini artıq dönə-dönə etmişdir. Zühur isə “bəda” ola bilər-yəni vaxtı dəyişə bilər. Ona görə zühurdan qabaq, mütləq çox şiddətli bir qırğınların olması da vacib deyildir. Ancaq zalımın da qabağını Həzrəti Məhdidən (ə.f.) başqa heç kəs ala bilməz. Ona görə zülm edənlərin nə zaman və necə zülm etdiklərinə zəmanət vermək olmaz. Zühurdan qabaq şiddətli qırğınların olması zalımların eyni zamanda İmam Zaman (ə.f.) üçün hazırladıqları planlarından biri də ola bilər. Yəni istər zühurun ən yaxın zamanında olsun, istər ondan çox əvvəl olsun, zalımın işi daim zülm etməkdir və bunun İmam Məhdi (ə.f.) zühur edənədək davam etməsi gözləniləndir.

 

Beləliklə zalımın zülm etməsinin, şiddətli qətllərin olmasının, əslində İmam Zamanın (ə.f.) zühur edib etməməsinə tam və mütləq aidiyyatı yoxdur. Hətta insanlar “zühurun heç vaxt olmayacağına” inansalar və ya bu etiqadı “düşüncələrdən silsələr” belə zalımlar yenə də və daha şiddətli zülmlər edəcəkdirlər. Buna görə də istər indiki halda, istərsə də zühura ən yaxın vaxtda olan şiddətli zülmlərin olmasını istəmək və ya buna çalışmaq və təşviq olunmağın, Həzrəti Məhdinin (ə.f.) və Məsihin zühuru ilə əlaqələndirməyin heç bir mənası yoxdur. Bu əksinə şeytanın və ona itaət edənlərin böyük oyunu və hiylələrindəndir.

 

Bu deyilənlərdən hətta o qənaətə gəlmək olar ki, zülmün çoxalması nəinki zühurun tezləşməsinə səbəb olur, əvəzində isə daha da təxirə düşmüş olur. Əgər zülmlərin çoxalması mütləq səbəb olsa idi, indiyinə qədər ən böyük zülmlər, qırğınlar və qıtlıqlar olmuşdur və olmaqdadır. Və bu əlamətlər gəlib keçmişdir, ancaq zühur olmamışdır.

 

Əksinə əgər insanlar zülmü yox, İmam Zamanı (ə.f.) tanımaq və dua etmək üzərində daha çox israrlı olmuş olsa idilər, o zaman ya Həzrəti Məhdinin (ə.f.) qeybət dövrü bu qədər uzanmazdı, ya da artıq zühur etmişdir.