Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

İmam Zaman (ə.f.) Nəhcül bəlağədə

 

Əmirəl möminin Həzrəti İmam Əlinin (ə) dilindən Həzrəti Məhdi (ə.f.)

 

 
 Xütbə  99 (100) 

 

Allah təala istədiyi bir vaxt, sizi toplayaraq dağınıqlıqdan xilas edəcəyi kimsəni (İmam Zamanı (ə.f.)) aşkar edənə qədər ləngiyəcəksiniz. (Hələki zühuru baş verməyib) Dünyaya üz tutmayan aranızdakı İmama (ə.f.) tamah salmayın (yersiz yerə tələb etməyin) və qeybdə olan İmam Zamandan (ə.f.) ümidinizi üzməyin.

 

Xütbə 138

 

Camaatın, doğru yolu öz nəfsinə çevirəcəyi (Həzrəti Muhəmmədin (s) şəriətindən əl çəkərək öz nəfsi istəklərinin arxasınca gedəcəkləri) vaxt (İmam Zaman (ə.f.) qeyb pərdəsinin arxasından çıxaraq) həvayi-nəfsi doğru yola və qurtuluşa yönəldəcək. Camaatın, Quranı öz düşüncə və rəyinə çevirdiyi vaxt, rəyi Qurana qaytaracaqdır.

 

Xütbə 150

 

Ey zəmanə camaatı! Hər, vəd olunmuşun gəlişinin vaxtı, xəbəriniz olmadığı fitnələrlə görüşə yaxınlaşmaq anıdır. Agah olun! Bizdən (Əhlibeytdən olan), fitnələri görən (fitnələrin şahidi olan) kimsə (İmam Zaman) həmin fəsadların zülmətindən aydın çıraqla (imamət və vilayət nuru ilə) hərəkət edəcək, yaxşılar kimi rəftar edəcək ki, o çətinliklərin bir düyününü açsın və bir əsiri azad etsin. (Kafirlərin) Birliyini dağıdıb, dağınığı (haqqı) bir yerə yığacaq. Camaatdan gizlində olar, (kafirlər) nişanəsini görməz.

 

Xütbə 152

 

(Agah olun) Günəş şəfəq saçaraq aşkarlandı və parıldayan parladı, üzə çıxan (Həzrətin dövründə baş verən fitnə və döyüşlərin nişanələri) aşkar oldu, əyri-üyrülük düzəldi. Allah təala bir dəstəni başqa bir dəstəyə, bir günü isə başqa bir günə döndərdi. Biz, qəhətlik çəkənlər və quraqlıq görənlər yağışı gözlədiyi kimi, (İslam dininin yayılması üçün) vəziyyətin dəyişməsini gözləyirdik. Rəhbərlər (on iki İmam) yaradılmışlara (yol göstərmək) üçün Allaha tabe olub Onu bəndələrinə tanıtdırırlar. Onları tanıyandan başqa kimsə cənnətə daxil olmaz.

 

Xütbə 181 (182)

 

(İmam Zaman (ə.f.)) Hikmət qalxanını geyinib və onu ona üz tutmaq, tanımaq və özünü (dünyaya bağlılıqdan) azad etmək kimi şərtləri ilə mənimsəyib. Hikmət o Həzrətin axtardığı itki və istədiyi arzudur. O Həzrət (fitnə-fəsad çoxalaraq) İslam qərib (zəif) düşəndə və (dəvə əzab-əziyyət görən zaman etdiyi kimi) öz quyruğunu tərpədərək boğazının qabağını yerə qoyanda gözlərdən uzaqlaşaraq bir guşəyə çəkilər. O Həzrət Allahın dəlilinin qalanlarının (hidayət və nicat İmamları) yerdə qalanı və peyğəmbərlərin canişinlərinin canişinidir.
Allahım! Onun vasitəsilə ədaləti bərqərar et. Onu Öz köməyinlə gücləndir. Ona kömək edənə kömək et və onu köməksiz qoyanı köməksiz qoy. Onu sındıranları sındır. Onun vasitəsilə küfr zülmkarlarını məhv et. Onun əli ilə kafirləri, münafiqləri və bütün dinsizləri öldür. Amin, ey rəhimlilərin ən rəhimlisi!

 

Xütbə 187

 

Bilin! Atam anam o kəslərə fəda olsun ki, onlar, adları göydə məşhur, yerdə isə naməlum olan bir dəstədəndirlər. İşlərinizin dağınıqdan, (dini və dünyəvi) əlaqələrinizin kəsilməsindən, azyaşlı uşaqları iş başına gətirməyinizdən və rəhbər etməyiniz səbəbindən üz verəcək hadisələrdən xəbərdar olun və gözləyin. Bu hadisələr o vaxt baş verəcək ki, (haram halala qalib gəldiyi üçün) möminə qılınc vurmaq, halal yol ilə bir dirhəm qazanmaqdan daha asan olacaq... Məcburiyyət və naçar olmadan and içəcək və sıxıntıya düşmədən yalan deyəcəksiniz... Bu çətinlik nə qədər də uzun, bu arzu və ümidvarlıq (həmin çətinliklərdən qurtulmaq arzusu) necə də uzaqdır! Belə bir zamanda öz İmamınızdan uzaqlaşmayın.

 

147-ci hikmət

 

Allahım, bəli, yer üzü Allahın dinini dəlil və sübut ilə bərqərar edən şəxsdən boş olmaz. (Həmin şəxs) Ya (on bir imam kimi) aşkar və məşhurdur, ya da (İmam Zaman (ə.f.)) qorxu içində və məxfidir ki, Allahın aydın sübut və dəlilləri (peyğəmbərliyin nişanələri, dinin hökmləri, elm və mərifət) aradan getməsin. Onlar neçə və haradadırlar? (Yaxud nə vaxta kimi qorxu içində və məxfidirlər?) Allaha and olsun ki, onlar sayca çox az, Allah yanında məqam və böyüklük baxımından isə çox əzəmətlidirlər. Allah, Öz aşkar dəlil və sübutlarını, həmin dəlilləri öz bənzərlərinə tapşırana və qəlblərində əkənə qədər onların vasitəsilə qoruyur. Elm və bilik həqiqi bəsirətlə birdən onlara üz tutub və onlar asudəlik və sevinclə yəqinlik və inam əldə ediblər. Naz nemət içində böyüyən insanlara çətin və ağır olan şeyləri yüngül və asan qəbul edərlər. Nadanların qaçdıqları şeylərə adət ediblər və dünyada ruhları çox yüksək yerdən (Allahın rəhmətindən) asılmış bədənlərlə yaşayır. Allahın yer üzündəki xəlifə və canişinləri onlardırlar ki, (xalqı) Onun dininə dəvət edirlər. Ah, ah, onlarla görüşməyin çox həsrət və arzusundayam…

 

209-cu hikmət

 

Dünya pis xasiyyətli və dişləyən dəvənin öz balasına tərəf qayıtması kimi Bizə qayıdaraq mehribanlıq edəcək. (O Həzrət) bunun arxasınca bu ayəni (“Qəsəs” surəsinin 5-ci ayəsi) oxudu:
“Yer üzündə zəif hesab olunanlara minnət qoyub, onları imam və varislər etmək istəyirik.”