Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

Niyə namaz qılmırıq?

(İstənilən halda, namaz qılan şəxs minimum şərtləri və öhdəlikləri özündə daşıyır)

 

 

 

İmam Zaman (ə.f.) buyurub: Şeytanı yerə vurub alçaldan əməllərdən heç biri namazdan üstün deyildir.

(Kəmaluddin, cild 2, səh.520)

 

 

Bütün müsəlmanlar əməllərindən və günah etməsindən asılı olmayaraq Allaha ibadət etməlidirlər. Bu ibadətlərin ən üstünü Namazdır. Təəssüf ki, bir çox müsəlmanlar; biz günah edirik, xətalarımız var deyərək, əslində səbəbsiz yerə namazdan uzaq düşürlər. Üstəlik deyirlər; namaz qılmağa başlamaq üçün mütləq günahlardan uzaq qalmalıyıq, özümüzü təmizləməliyik və yalnız ondan sonra Allaha ibadət edərik. Halbuki bu günahlardan uzaq qalmaq üçün elə namaz qılmaq lazımdır. Düzdür! heç kəs demir ki, namaz qılan şəxslər günah etmirlər və heç bir xətaları yoxdur. Heç bir namaz qılan da bu iddiada olmamışdır. Günahdan uzaq qalmaq tədrici bir prosesdir. Bunu da yalnız namaz qılan halda davam etdirmək mümkündür. Həmçinin Allaha ibadət etmək və namaz qılmaq, təkcə günahdan uzaq qalmaq üçün səbəb deyildir ki, yalnız onu əsas şərt gətirsinlər. Namaz qılmaq, özünü Allah qarşısında kiçik və zəif göstərmək, habelə Ona qeyri şərtsiz itaət etmək deməkdir. Deməli namaz qılmaq üçün günahı bəhanə etmək olmaz. O zaman, niyə insanların çoxu namaz qılmamaq üçün günahları və xətaları əsas arqument kimi gətirirlər?

 

 

Şeytanın işi

 

Şeytan öz işini yaxşı bilir. Şeytan bilir ki, namaz ən üstün və ən vacib ibadətdir. Şeytan onu da yaxşı bilir ki, onu alçaldan ən üstün əməl Namazdır. Və insanları bundan yayındırmaqdan ötrü “namaz qılmaq üçün gərək günahlardan uzaqlaşasan” kimi şirin sözlərlə təlqin edir.

 

Şeytan bu təlqini, namaz qılmayan şəxsləri namazdan uzaqlaşdırmaq, namaz qılanları namazı yüngül hesab etmək, namazı yüngül hesab etməyənlər üçün də namazı dəyişməklə edir.

 

 

Başqa bir məsələ

 

 

Namaz qılan şəxs, əməllərindən asılı olmayaraq minimum bu şərtləri və öhdəlikləri özündə daşıyır.

 

 

Allaha səcdə etmək ehtiramı və qabiliyyəti; Namaz qılan şəxs digərlərindən fərqli olaraq nə olursa olsun, günün müəyyən hissəsində özünü Allaha səcdə etməyə borclu bilir.

 

Təmiz və pak olmaq öhdəliyi; xüsusən qüsul və dəstəmazın şərtlərini qorumaq. (əlavə olaraq şəri məsələlərə baxın)

 

Nizamlı, planlı və proqramlı işlərə öyrəşmək; Namazın vaxtına görə işləri tənzimləmək hünəri.

 

Pis işlərdə qınanmaq; Namaz qılan şəxs pis bir işə meyl etdikdə, hamı ona etiraz edir və bu işdən çəkinməsinə səbəb olurlar. Ancaq digərləri isə pis bir iş gördükdə onu təqdir edirlər.

 

Halal-haram məsələlərinə xüsusi diqqət etmək qayğısı.

 

 

Qeyd: Hətta “ən aşağı səviyyədə” nəzərdə tutduğumuz bir namaz qılan şəxs belə, bunun kimi öhdəlikləri nisbətən də olsa yerinə yetirir. Bu öhdəliklər minimum səviyyədə olsa belə, digərlərinə nəzərən namaz qılan şəxs üçün üstünlükdür. Şeytanın ən böyük qorxduğu şey, Namaz vasitəsilə yaranan bu minimum öhdəlikləri belə aradan apara bilməməsidir. Çünki, bu minimum öhdəliklərin, sonradan inasanın kamilləşməsi üçün vasitəçi olacağı məlumdur.

 

 

Hansı namaz?

 

Əgər İslamın ilk vaxtlarına diqqət etsək görərik ki, Həzrəti Peyğəmbərimizin (s) vəfatından sonra Şeytanın görəcəyi ilk işlər; İmaməti və Namazı dəyişməsidir. Şeytan bununla da öz strategiyasını müəyyən etmişdir. Hansı namaz sualına cavab tapmaq istədikdə isə əlbətdəki, Həzrəti Peyğəmbərimizin (s) namazı qeyd olunacaqdır; yəni dəyişməyən namaz. Ondan sonra isə bunu davam etdirənin namazı, yəni dəyişməyən İmamın dəyişməyən namazı və günümüzdə də Peyğəmbərin (s) nəslindən olan İmam Həzrəti Məhdinin (ə.f.) namazı...