Biz Zikrdən sonra Zəburda da yer üzünə yalnız mənim saleh bəndələrimin varis olacağını yazmışdıq. (Ənbiya:105)
Image

Əhli Sünnəyə görə itaəti vacib olan və ondan üz döndərməklə

küfrə səbəb olacaq şəxs üçün zəmanəmizin imamı kimdir?

 

 

Məzhəblər arasında ən çox mübahisə doğuran mövzulardan biri də xilafət və ona kimin daha layiq olması məsələsidir. Bu məsələdə mövcud olan fikir ayrılığı və yaranan münaqişələr Allah Rəsulunun (s) vəfatından dərhal sonra başlayaraq günümüzə qədər davam etmişdir. Belə ki, bəzi səhabələr “Bəni Səidə səqifəsi” adlanan yerdə toplaşaraq xəlifə seçimi ilə əlaqədar öz aralarında çəkişmiş və bir-birilərini təhqir etmişdirlər. Xəlifə mövzusunda olan ixtilaflar səbəbilə səhabələrin dövründən tutmuş əsrlər boyu ard-arda dövlət və hakimiyyət çevrilişləri baş vermiş, minlərlə günahsız müsəlmanların qanı axıdılmışdır. Bu hadisələrin gedişatı zamanı əhli-sünnə, zor və güc hesabına ümmətin başına keçən və iqtidarı ələ keçirən hər bir kəsə öz işlərini təslim etmiş, xəlifələri kimi beyət etmiş, onlara qarşı çıxmağın və onlara tabe olmaqdan boyun qaçırmağın haram olmasına hökm etmişdir. Bununla da xilafət, ilahi idarəçilik sistemindən çıxaraq zülm və cəfa dolu krallığa çevrilmişdir.

 

Müsəlmanların dini və siyasi durumlarındakı tənəzzül artdıqdan və Bağdadda yerləşən mərkəzi hakimiyyət zəiflədikdən sonra vahid İslam ölkəsi kiçik dövlətlərə parçalandı. Müsəlman ölkələrində yeni bir vəziyyət meydana gəldi. Hər bir kiçik dövlətin iqtidar sahibi özünü ilahi xəlifə olaraq qələmə verməyə başladı. Yaranan vəziyyət əhli-sünnə alimlərinin “müsəlmanların yalnız bir imama beyət etməsi”, “bir neçə xəlifənin və ya hakimin eyni anda hakimiyyətdə olmasının qeyri-qanuni olması” və bu kimi sair prinsipləri ilə uyğun gəlmirdi.

 

Şiələr isə xəlifənin, yalnız Allah tərəfindən seçilmiş, Rəsulullahın (s) pak Əhli-Beytindən (ə.s.) olan məsum İmamların (ə) olmasına etiqad bəsləyiblər. Digər şəxsləri isə xilafətə layiq bilməyərək, ilahi hakimiyyəti hər gəlib-gedənin ələ keçirib sahiblənə biləcəyi bir loxma saymamışlar. Bu səbəbdən Şiə etiqadı 255-ci hicri ilində dünyaya gəlmiş Həzrəti Məhdi M.u.h.ə.m.m.ə.d  ibn əl-Həsən əl-Əskərinin (ə.f.) İmam olmasına, həyatının və imamətinin bu günədək davam etməsinə etiqad edirlər.

 

Əhli-sünnə məzhəbinin ardıcılları bu məsələ barəsində şiələrə tənə vurmalarına baxmayaraq, müasir dövrdə müsəlmanların imamının kimliyi məsələsində yaranan bir çox sualları cavabsız qoymuşdurlar. Məsələnin böyük əhəmiyyət daşımağına baxmayaraq əhli-sünnə alimləri bu mövzuda sükut etmiş, müzakirəyə girməmiş, hətta ört-basdır etməyə çalışmışlar. Nəticədə, sünni müsəlmanları düzgün yola yönələ bilməmişlər. Halbuki, əhli-sünnə alimləri hər bir dövrdə müsəlmanların üzərində beyəti vacib olan imamın təyin olunmasını, bu məsələnin dinin böyük vacibatlarından olduğunu və müsəlmanların süstlük göstərərək bu işi bir kənara qoymalarının yol verilməz olduğunu yekdilliklə bəyan etmişdirlər.

 

Əl-İci “Əl-Məvaqif” kitabında yazır:

“Bizim nəzərimizdə imam təyin etmək nəqli dəlillərə əsasən vacibdir...Mütəvatir şəkildə gəlib çatmışdır ki, Peyğəmbərin (s) vəfatından sonra “sədri-əvvəldə” (İslamın ilkin dövründə) müsəlmanlar zəmanənin imamsız qalmasının qeyri-mümkünlüyü barəsində icma etmişlər. Hətta Əbu Bəkr demişdir: “Bilin ki, Muhəmməd daha ölmüşdür. Bu dini(n hökmlərini) həyata keçirərək bir şəxsin olması qaçılmazdır.” Bundan sonra hər kəs onun sözünü qəbul etmiş, buna görə ən mühüm işi – Allah Rəsulunun (s.) dəfnini tərk etmişdirlər. İnsanlar günümüzə qədər hər bir dövrdə belə fikirdə olublar ki, hər bir dövrdə tabe olunmalı bir imamın təyin olunması vacibdir...”

(Əl-İci “Əl-Məvaqif” kitabı, səh.395 )

 

Nəvəvi demişdir:

“(Alimlər) müsəlmanlara bir xəlifə təyin etməyin vacib olması barədə icma etmişdirlər. Bu məsələnin vacibliyi ağıl deyil, şəriət əsasındadır...”

(Nəvəvi “Şərhu-səhihi-Muslim” kitabı, 12/205)

 

Həmçinin, Nəvəvinin bu sözü İbni Həcər “Fəthul Bari” kitabı 13/176; əl-Mübarəkturi “Tühvətül-əhvəzi” kitabı 6/397; Əzimabadi “Uyunul-məbud” kitabı 8/112; Şəvkani “Neylül-əvtar” kitabı 6/166-da nəql olunmuşdur.

 

Təftəzani qeyd edir:

“Bizim və mötəzilənin böyük əksəriyyətinin nəzərində imam təyin etmək nəqlə əsasən camaata vacibdir.”

(Təftəzani, “Şərhül-məqasid” 5/235)

 

İbni-Həcər əl-Heysəmi demişdir:

“Bil ki, səhabələr peyğəmbərlik dövrünün bitməsindən sonra imam təyin etməyin vacib olması barədə icma etmişdirlər. Hətta bu işi vacibatların ən əhəmiyyətlisi hesab edirlər. Belə ki, Allah Rəsulunun (s) dəfnini buraxıb bununla məşğul olublar. Onların (imamı hansı formada) təyin edilməsi məsələsində müxtəlif fikirlərdə olmaları qeyd edilən icmaya bir xələl gətirmir.”

(İbni Həcər əl-Heysəmi “əl-Səvaiqul-muhriqə” kitabı, səh. 30)

 

Əhli-sünnə alimlərinin dediklərini nəql edəndən sonra belə bir nəticə əldə etmiş oluruq ki, hər bir zamanda bütün müsəlmanların ona beyət etməsi vacib olan bir şəxsin mövcudluğu zəruridir. Belə ki, əhli-sünnənin digər kitablarında Allah Rəsulundan (s) belə nəql olunmuşdur:

 

“Hər kim boynunda bir beyət olmadan ölsə, cahiliyyət ölümü ilə ölmüşdür”

(Müslim “Səhihi-Müslim” 3/1478; Beyhəqi “əs-Sünənül-kübra” 8/156; Heysəmi “Məcməüz-zəvaid” 5/218)

 

“Hər kim imamsız (İmamı olmadan) ölsə, cahiliyyət ölümü ilə ölmüşdür.”

(Əhməd ibni Hənbəl “Müsnədü-Əhməd” 4/96; Əbu Davud “Müsnədüt-Təyalisi” səh. 259; İbni Hibban “əl-İhsan bi-tərtibi-Səhihü-İbni Hibban” 7/49; Əbu Nüeym “Hilyətül-övliya” 3/224)

 

“Hər kim üzərində imam olmadan ölsə, ölümü cahiliyyət ölümüdür”

(Təbərani “əl-Mücəmül-kəbir” 10/289; Təbərani “əl-Mücəmül-əvsət” 2/317 və 4/232; Əbu Yəla “Müsnədü-Əbu Yəla” 6/251; Heysəmi “Məcməüz-zəvaid” 5/224-225; İbni Əbu Asim “Kitabus-sünən” 2/489)

 

Hədis bir cümlədən ibarət olmağına baxmayaraq həyat yüklü məsələni və qiyamət günü əbədi səadətə qovuşmağın əsas şərtini özündə ehtiva etmişdir. Belə ki, Peyğəmbər (s) “kim... ölsə” buyurmaqla müsəlmanların imamına beyət etməyə tələsməyin vacibliyini, bu işdə süstlük və zəiflik göstərməyin yolverilməz olduğunu bildirmişdir. “Boynunda beyət olmadan...” ifadəsi yəni boynunda daim onunla birgə olan və ondan ayrılmayan bir beyət nəzərdə tutulur, necə ki, Allah-təala buyurur:

 

“Biz hər bir insanın əməlini öz boynundan asdıq...” (“İsra” surəsi, ayə 13)

 

Haqq İmamın beyətini pozmaq və ona qarşı çıxmaq icazəli deyil. Bu beyətin daima onun boynunda olmasını bildirməkdən ötrü Peyğəmbər (s) “kim bir imama beyət etmədən ölsə...” – deyil, “hər kim boynunda bir beyət olmadan ölsə” – demişdir. “Beyət” sözü rəhbərə itaət etmək, ona tabe olmaq üzərində bağlanan sözləşmə və əhd-peyman deməkdir. Bu sözbey (البيع – satış, satmaq) sözündən götürülmüşdür. İmama beyət edən şəxs sanki öz canını ona satır, itaət və yardımını onun sərəncamına verir. Bu səbəbdən də beyət ölüb-getmiş imama deyil, yalnız diri və hal-hazırda mövcud olan imama olmalıdır. Çünki, vəfat etmiş şəxslə əhdləşmə baş tuta bilməz.

 

“Cahiliyyət ölümü ilə ölmüşdür” cümləsindəki “ mitətən”(ölümü ilə) sözü forma bildirən isimdir. Bu səbəbdən cümlənin mənası “cahiliyyət dövrünün insanlarının ölümü kimi ölmüşdür” deməkdir.

 

Bütün bunlara baxmayaraq əhli-sünnə müsəlmanları xilafət dövründən sonra bu vacib əməli tərk edərək hətta yaxından-uzaqdan müzakirə etməkdən belə yayındıqlarının şahidi oluruq. Məsələnin böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq əhli-sünnə cəmiyyəti mövzunu bir kənara qoyaraq ondan üz çevirmişdir.

 

Əhli-sünnə müsəlmanlarına sualımız bundan ibartdir; Sizə görə zəmanəmizdə-itaəti vacib olan və ona beyət olunmadan vəfat etməkilik, küfr kimi dəyərləndirilən şəxs üçün-imam kimdir?!

 

İstifadə olunmuş ədəbiyyat:

“Mən huvə xəlifətul-muslimin fi həzəl-əsr” Şeyx Əli Ali-Musin