İnsanlar tarix boyu həmişə bir şəxsin gəlib dünyanı ədalətlə dolduracağına inanmışlar. Belə ki, əksi olduğu halda insanlar batilin daim hakim olacağına, güclünün zəif üzərində həmişə haqlı olacağına kimi düşüncələr cəmiyyətin təkamülünün qarşısını alır və puç həyatı təcəssüm edir. Halbuki bütün insanlar, hətta batil cərgədə duranlar belə dünyanın ədalətlə idarə olunmasının və hüquqların təmin edilməsinin lazım olduğunu vurğulamışlar. Buna görə də bir sıra şəxslər, ya əqli problemləri olduğuna görə, ya məqama görə, ya da ayrı-ayrı qrupların məqsədləri üçün saxta məhdilik iddialarını ortaya atırlar. Ümumiyyətlə saxta məhdiçiliyin bir neçə məqsədi vardır. Bu məqsədlər, ya bir sıra sadəlövh insanların inancından istifadə edib onları iradəsi altına almaq ya da bütün Məhdilərin saxta olduğunu göstərməklə, ümumiyyətlə Məhdilik anlayışının olmamasını nümayiş etdirməkdir. Bir çox insanların bu barədə bilgililərinin az olması və həqiqəti bilməməsi üzündən bu cür boş iddialar bəzən cəmiyyətdə öz yerini tutur. Amma əlbətdə ki, bəsit bilgilərə sahib olmaqla belə, bu iddiaların əsassız olduğunu sübut etmək olar. Çünki bütün iddiaçılar iddia edir ki, o gələndən sonra ədalət dünyaya hakim olacaqdır. Ancaq hamıya məlumdur ki, o iddiaçıların üzərindən on illər, yüz illər keçməsinə baxmayaraq ədalət öz yerini tutmamışdır. Əslində bu iddialarda ən böyük rolu şeytan oynayır. Çünki o, bu cür vəsvəsələrlə insanları, ilahi mənbələrdə vədolunmuş, İmam Həsən Əskəri (ə)-ın oğlu Həzrəti Məhididən uzaq salır, ümidsiz edir və zühurun vaxtını uzatmış olur. Təbii ki, biz bu iddialar qarşısında öz bilgilərimizi artırmalı və Həzrət Məhdini tanımaq üçün araşdırmalarımızı dərinləşdirməliyik.