

Həzrəti Məhdiyə (ə.f.) kömək etmək
Allah-təala Səff surəsi 14-cü ayədə hər bir dövrdə bütün möminlərə fərman verir ki, “Allaha yardımçı olun” – yəni bu sifət sizdə davamlı olsun ki, Allaha yardımçı olasınız, bu sifət sizdə adət olsun, nəinki bir gün və ya bir saat, istənilən vaxt Allaha yardımçı olasınız. Allah-təalanın Qurani-Kərimin bəzi ayələrində Öz yaratdıqlarından ehtiyacsız, əksinə məxluqların Ona möhtac olmasını buyurur:
“Ey insanlar, siz Allaha möhtacsınız və yalnız Allah ehtiyacsızdır və tərifə layiqdir. Əgər istəsə, sizi aradan aparar və yeni məxluqlar yaradar, bu iş Allaha çətin və ağır deyildir.” (Fatir surəsi, ayə 15-16 )
Quran ayələrindən əlavə əqli dəlillərlə sabit olmuşdur ki, Allah-təala məxluqatdan ehtiyacsızdır və Allahın sifətlərindən biri də “Qəni”-dir. Bu ayələrin, əqli və nəqli dəlillərin mövcud olması ilə belə Allah-təala Özü buyurur:
“Əgər Allaha yardım etsəniz, O da sizə yardım edəcəkdir.” (Muhəmməd surəsi, ayə 7)
Yaxud başqa bir ayədə buyurur:
“Allaha gözəl borc verən kimdir? (Bəqərə surəsi, ayə 245)
Bu suala Əmirəl-möminin (ə.s.) yuxarıdakı iki ayəni şahid gətirərək buyurur: “O, xar olduğuna görə sizdən kömək istəməyib, borcu sizdən nöqsan və ehtiyacına görə istəməmişdir. O, yerlər və göylərin qoşunu ona məxsus olduğu, (hamıya) qalib və (hər bir tədbirə) alim olduğu halda sizdən kömək istəmişdir və yerin, göyün xəzinələrinə sahib, ehtiyacsız və tərifə layiq olduğu halda sizdən borc istəmişdir. Sizi imtahan etmək və hansı birinizin əməlinin daha gözəl olduğunu bilməkdən (aşkar etməkdən) başqa bir məqsədi yoxdur.” (Nəhcul bəlağə, xütbə 181)
Sahib olduğumuz hər şey Allahdandır. Aldığımız nəfəslər Allahdandır. Əgər mal-sərvət, qadın, övladımız vardırsa, Allahdandır. Başqa bir hədisdə Əmirəl-möminin (ə.s.) buyurur: “Allah-təala yoxsulluq və çarəsizliyinə görə sizdən borc istəmir. Əksinə bu, sizi sınaqdan keçirmək üçündür.”
Nəticə budur ki, Allahın dininə kömək etmək həqiqətdə insanın özünə kömək etməsidir. Allahın bizə ehtiyacı yoxdur. Əgər mən etməsəm başqası edəcək. Allah işini hər hansı bir vasitə ilə edəcək və o vasitəni tapmaq Allah üçün çətin deyildir. Qurani-Kərimdə, tarixdə olmuş əhvalatlardan bəhs edilir. Nuh peyğəmbərin, İbrahim peyğəmbərin, Lut peyğəmbərin (hamısına Allahın salamı olsun) zamanında Allah-təala insanlara müxtəlif fürsətlər vermişdir. Lakin, bir çoxları onlara verilən ömür müddətindən, fürsətlərdən istifadə etməmişlər. Nəticə etibarilə əgər “Allaha yardım edin” buyurursa, bu yardım istəməklik, bir cəhətdən imtahana görə və başqa tərəfdən istedadların çiçəklənməsinə görədir.
Hər bir zamanın, Allah tərəfindən təyin olunmuş rəhbəri, höccəti vardır. Hal hazırda zamanımızın Höccəti İmam Zamana (ə.f.) kömək etmək bizim ən mühüm vəzifəmizdir. Əgər İmam Zamana (ə.f.) yardım edin buyurulursa, bu mənada deyildir ki, Allahın bizim köməyimizə ehtiyacı vardır, hətta İmam Zamanın (ə.f.) da bizim köməyimizə ehtiyacı yoxdur. İmam Zamanın (ə.f.) Özü, bizim köməyimizə ehtiyacı olmadığını buyurur. Əgər bizi köməyə dəvət edirsə ehtiyacı üzündən deyildir. İmam, Allahdan başqa kimsəyə ehtiyacı olmayan şəxsdir. Bəli, bütün insanlar imtahan səbəbilə İmam Zamana (ə.f.) kömək etmək məsuliyyətini və vəzifəsini daşıyırlar. Əgər İmam (ə.s.) istəsə, təkbaşına öz müxaliflərini məhv edə bilər.
Bu barədə rəvayətlər çoxdur lakin, İmam Zamanın (ə.f.) şərif “toqisindən” (məktubundan) bir rəvayəti zikr edirik. İmam Zamanın (ə.f.) kiçik qeybi dövründə İbn Əbu Ğanim Qəzvini ilə şiə camaatı arasında İmam Zaman (ə.f.) barədə ixtilaf yarandı. İbn Əbu Ğanim müxaliflərdən idi və İmam Həsən Əskərinin (ə.s.) heç bir övladının olmamasını deyirdi.
Bu mətləbi xüsusi naiblərinin vasitəsilə İmam Zamana (ə.f.) yazdılar. İmam (ə.f.) yazının cavabında buyurdu:
“Allah-təala Bizi və sizi fitnələrdən qorusun. Bizə və sizə yəqinlik ruhu lütf etsin. Bizi və sizi pis aqibətdən Öz pənahında qorusun. Mənə xəbər yetişib ki, sizin bir dəstəniz din üstündə şəkk-şübhəyə düşüb və öz əmr sahibiniz barədə (din rəhbəri) heyrətə düşmüsünüz. Bu iş Bizi Özümüzə görə deyil, sizə görə kədərləndirdi. Özümüzə görə deyil sizə görə narahat olduq. Çünki Allah Bizimlədir və Onun varlığı ilə Bizim ondan başqasına ehtiyacımız yoxdur. Haqq Bizimlədir, buna görə də başqalarının (Bizə) kömək etməsi Bizi qorxuya salmır və Biz Allahın yaratdıqlarıyıq və (digər) məxluqlar Bizə xatir yaradılmışlar.” (Əl-Ehticac, c. 2, səh. 278)
İmam Zamana (ə.f.) ilk köməkçi Allahın Özüdür. Allah-təala Qurani-Kərimdə buyurur:
“Məğlubedilməz və hikmətli Allahdan başqa kömək yoxdur.” (Ali İmran surəsi, ayə 126)
İlk kömək Allah tərəfindəndir ki, Onun köməyi olmadan heç bir səyin nəticəsinə yetişmək mümkün olmayacaqdır. Buna görə də O Həzrətin (ə.f.) şərif ləqəblərindən biri “Mənsur”dur, yəni kömək olunan şəxs.
Allah-təala buyurur: “ Hər məzlum (haqsız yerə) öldürülən şəxs, əlbəttə onun vəlisi üçün hökümət qərar vermişik. O öldürməkdə israf etməz, çünki ona kömək olunmuşdur.” (İsra surəsi, ayə 33)
Bu ayədə (Mənsur) “kömək olunmuş” İmam Zamandır (ə.f.). “Nudbə duasında da bu ləqəb xatırlanıb: “Haradadır hər zalım təcavüzkar yalançıya qələbə çalan şəxs?” Bu səbəbdən ona köməkçi Allahdır və O kömək edilmiş və qalibdir. İmam Sadiqdən (ə.s.) gələn hədisə görə tarixən Peyğəmbərlərə (ə.s.) kömək etmiş mələklər və cinlər Həzrətin (ə.s.) xidmətində dayanar.
İmam Zamana (ə.f.) kömək edəcək mömin insanlara gəldikdə isə bu barədə xeyli göstərişlər, yollar, hər zamana uyğun üzərimizə düşəcək vəzifələr İmamlar (ə.s.) tərəfindən bizə gəlib çatmışdır. İntizar hal, hiss vəziyyəti deyil, əslində intizar əməldir, elə həmin əməl ki, Həzrətə (ə.s.) kömək olacaq.
Feyz İbnul Muxtar İmam Sadiqdən (ə.s.) rəvayət edib: “Sizin hər hansı biriniz bu əmrin (zühurun) intizarında olduğu halda ölsə, Həzrəti Qaimlə (ə.f.) birlikdə ölən şəxs kimidir. İmam bir an fikrə daldıqdan sonra buyurdu: Xeyr, əksinə Allah Rəsulunun (s.ə.a.s.) rikabında şəhid olmuş şəxs kimidir”. (Bihərul Ənvar c. 52, səh.126)
Bəzilərinə Bədr Şəhidlərinin savabı verərlər, bəzilərinə isə şəhidlərin bir neçə bərabər savabını verərlər. Bunlar insanın niyyət, ixlas, istək və doğruluğuna bağlıdır.
Əmmar Sabati deyir: İmam Sadiq (ə.s.) buyurdu: “Ey Əmmar! And olsun Allaha! Həqiqətən, sizin hər biriniz Allah-təala yanında Bədr və Ühüd şəhidlərinin çoxundan daha üstün dərəcəyə sahib olduqdan sonra ölərsiniz, elə isə sizə müjdə olsun.” (Üsuli Kafi c.1, səh.334)
Bir incəlik vardır ki, o Həzrətin (ə.s.) ənsarınının Onun zühuru dövründə olması lazım deyildir. Hal hazırda da İmam Zamanın (ə.f.) düşmənləri vardır və indi də İmam Zamana (ə.f.) kömək etmək vacibdir və bu kömək üçün döyüş cəbhəsinin olması şərt deyildir. Hazırda Həzrətin (ə.f.) müxalifləri ilə mübarizə aparılmalı, həqiqi din üçün bələdçilik edilməlidir.
Lakin, bundan əvvəl insan İmam Zamanı (ə.f.) doğru tanımalıdır. İkincisi, elə bir formada olmasın ki, İmam Zamanın (ə.f.) adı ilə O Həzrətin (ə.s.) narazılığına səbəb olacaq işlər görsün, camaatı öz əməlləri ilə İmam Zamana (ə.f.) yaxud həqiqi dinə dəvət etmək əvəzinə onları dindən və İmam Zamandan (ə.f.) uzaqlaşdırsın.
İmam Zamana (ə.f.) kömək etməyin şərtləri vardır. “Məni onun köməkçilərindən qərar ver” dediyimiz vaxt İmam Zamana (ə.f.) kömək etmək istəyi bizim bütün əməl, danışıq və rəftarlarımızda özünü göstərməlidir. Niyyətimizdə günah etmək olmamalıdır. Nəbadə bizim rəftarımız O Həzrətin (ə.s.) narahatlığına səbəb olsun. Nəbadə onun bilmədiyi bir paltar geyinək. İmamın inciməsinə səbəb olan bir söz deyək, elə olmasın ki, (həyat) tərzimiz İmam Zamanımızın (ə.f.) rəftar və tərzinin ziddinə olsun.
“İlahi! Bizi Onun köməkçilərindən qərar ver.”
Önə çıxanlar
Qədir-Xum xütbəsində Həzrəti Məhdi (ə.f.) barəsində
Qədir-Xum xütbəsində Həzrəti Məhdi (ə.f.) barəsində
Həzrəti Məhdinin (ə.f) zühuru nə vaxtdır?